1-ci SABAH Forumu

Oktyabrın 10-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci SABAH Forumu öz işinə başlamışdır. 2 günlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir. Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. SABAH qrupları layihəsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili xarici ölkələrlə yanaşı öz ali təhsil müəssisələrimizdə də ala bilər. Bu gün müasir təhsili qloballaşan dünyaya uyğun çeviklik, peşəkarlıq, yeni texnologiyalar olmadan, xarici dillərin öyrənilməsindən kənar təsəvvür etmək çox çətindir. Bu proseslərin hər biri yeni yaradılan SABAH qruplarında özünü əks etdirir. Forumun ikinci günü tələbələr üçün "ustad dərsləri" keçirilib. Tanınmış ictimaiyyət nümayəndələri “Karyera inkişafı”, “Liderliyə layiqsənmi?”, “Sən də bir brendsən” və “Vaxtına sahib çıx” mövzularında məruzələrlə çıxış ediblər. Bundan sonra Təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb. Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirirlib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi və bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib. Daha sonra tədbir idman və əyləncə xarakterli yarışlarla davam etdirilib.Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də tədbirdən bəhs edən film nümayiş etdirilib