SABAH qruplarının Azərbaycan Texniki Universitetində təhsil alan tələbələri proqram çərçivəsində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə səfər etmişlər. Azərbaycan Texniki Universitetinin-nin SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova və SABAH qruplarında “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” fənnini tədris edən müəllim Samir Cavadovun təşkil etdikləri nümunəvi dərsdə tələbələr Azərbaycan Respublikasının Milli Jiu-Jitsu Federasiyasının prezidenti, 8-ci Dan qara kəmər ustası, Respublikanın Əməkdar Məşqçisi Mir Əli Seyidovla görüşmüşlər. Dərsdə M. Seyidov tələbələrə Jiu-Jitsu qədim Yapon əlbəyaxa döyüş üslubunun tarixi barədə maraqlı məlumatlar vermiş, Azərbaycanda bu idman növünün inkişafı barədə danışmışdır. Əməkdar məşqçi vurğuladı ki, gənclərin idmanla məşğul olmaları, fiziki və psixoloji cəhətdən hazırlıqlı olmaları onların gələcək perspektivlərində böyük rol oynaya bilər. Nümunəvi dərsdə tələbələr Jiu-Jitsunun bəzi özünümüdafiə fəndləri ilə praktiki tərəfdən tanış oldular və onlar maraqlandıran bir çox suallara cavab aldılar. Azərbaycan Texniki Universitetinin SABAH qruplarının müəllimi S.Cavadov sonda maraqlı görüş üçün Federasiya prezidentinə təşəkkürünü bildirdi, həmçinin qeyd etdi ki, Jiu-Jitsu idman növü insanın fiziki cəhətdən sağlamlığına xeyri ilə yanaşı, həyat fəaliyyətinin təhlükəsizliyi baxımından da şəxsi təhlükəsizlik və özünü müdafiə vasitəsi kimi hər bir insana faydalı ola bilər.