Bakı Dövlət Universitetində SABAH qrupları Tələbə Həmkarlar Təşkilatı tərəfindən “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib. Bu gün Bakı Dövlət Universitetində SABAH Qrupları Tələbə Həmkarlar Təşkilatı tərəfindən “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib.
Tədbirdə tarixçi alim Kamran Əsədov, BDU THİK sədri Daşqın Qənbərov, BDU SABAH mərkəzinin rəhbəri İradə Süleymanova və BDU SABAH Qrupları tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən təşkilat sədri Mirhadı Səmidzadə tədbirin mahiyyəti barədə məlumat verərək tarix boyu qaşılaşdığımız soyqırım və işğalların hüquqi və mənəvi tərəflərindən danışıb. Daha sonra söz alan tarixçi alim Kamran Əsədov geniş şəkildə xalqımıza qarşı uzun illər boyu baş vermiş zorakılıq və zülmlərin tarixi aspektlərini əsaslandırılmış şəkildə tələbələrlə bölüşüb. SABAH Qrupları Hüquq fakültəsi tələbəsi Faiq İsazadə öz çıxışında informasiya müharibəsinin önəmindən, insanların vətəndaş olaraq üzərlərinə düşən vəzifəyə əməl etməsindən və insanlıq əleyhinə olan cinayətlərin hüquqi tərəfindən bəhs edib.
THİK sədri Daşqın Qənbərov həmçinin bir Hüquqşünas olaraq beynəlxalq təşkilatların soyqırım barədə rolundan danışıb və tələbələrə bu olanlarla bir daha gələcəkdə qarşılaşılmaması üçün ibrət götürülməsinin vacib olduğunu vurğulayıb. SABAH mərkəzinin rəhbəri İradə Süleymanova da rəhbərlik etdiyi tələbələrə öz məsləhətlərini verdikdən sonra 31 Mart Azərbaycanlılara Qarşı Soyqırım Gününə qədər xüsusilə xarici dilləri yüksək səviyyədə bilən tələbələrə yuxarıda bəhs olunan mövzular haqqında məlumatlar yazıb beynəlxalq təşkilatlar və xarici dövlət qurumlarına göndərilməsi barədə təklif irəli sürüb və tələbələr tərəfindən xoş qarşılanan bu təklifin yaxın zamanda icra olunacağı bildirilib.
Tədbirin sonunda BDU SABAH THT tərəfindən bir müddət öncə keçirilmiş “Gənc Yazar” müsabiqəsinin qaliblərinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.