BDU SABAH tələbələrindən olan redaktorlar ilə Azərbaycanda ilk Tələbə Hüquq Jurnalı nəşr olunmuşdur

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti 2015-ci ilin may ayında Azərbaycanda ilk Tələbə Hüquq Jurnalını nəşr etdirməyə nail olmuşdur. Nümayişi may ayının 5-ində gerçəkləşən jurnal ABŞ-ın Harvard, Yale, Stanford kimi universitelərinin təcrübəsindən yararlanmışdır. Belə ki, müəyyən edilən jurnal siyasəti dünya səviyyəsində tanınan akademik hüquqi yazı qaydalarına əsaslanmışdır. Burada Azərbaycan və ingilis dillərində tələbələr və müəllimlər tərəfindən yazılmış məqalələr dərc olunur. Məqalələr qəbul edilərkən onların xüsusilə aktual problemlərlə bağlı olmaqlarına əhəmiyyət verilir. Həmçinin, konstitusiya hüququ, beynəlxalq hüquq, mülki hüquq, cinayət hüququ ilə yanaşı, kommersiya hüququ, vergi hüququ, rəqabət hüququ, informasiya texnologiyaları hüququ kimi yeni sahələrdə və yeni mövzularda olan məqalələrə üstünlük verilir.

Jurnal nəşr olunmasından 1 ay sonra dünyanın ən böyük məlumat bazası olan HeinOnline-a üzv qəbul edilmişdir. 2015-2016-cı buraxılış ilində dekabr və may aylarında jurnalın 2 sayı nəşr olunmuşdur. Bu müddətdə isə jurnal Scholastica, ExpressO kimi məlumat bazalarına üzv qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, bu jurnal Azərbaycana mənsub olub HeinOnline-da yerləşdirilən ilk və tək jurnaldır. Həmçinin Avropa ölkələrinə məxsus azsaylı jurnalların burada yerləşdirilmiş olması Tələbə Hüquq Jurnalının nə dərəcədə böyük bir uğur qazanmasını göstərən amillərdən biridir.Bundan əlavə, 2-ci buraxılışın 2-ci sayında ABŞ və Çindən göndərilən məqalələrin nəşr olunması jurnalın çox qısa müddətdə əldə etdiyi nüfuzun göstəricisidir.

Təqdirəlayiq haldır ki, fakültənin Tələbə Elmi Cəmiyyəti Hüquq Jurnalının redaktorlarının böyük hissəsi məhz Sabah qrupu tələbələrindən təşkil olunmuşdur. Belə ki, ilk buraxılışın 8 redaktorundan 5-i, o cümlədən redaksiya heyətinin sədri və məsul katibi, 2-ci buraxılışın isə 9 redaktorundan 8-i, həmçinin baş redaktoru, redaksiya heyətinin sədri və məsul katibi məhz Hüquq fakültəsi Sabah qrupları tələbələri olmuşdur. Bununla yanaşı, çap edilmiş məqalələrin müəllifləri sırasında da ilk sayda 6 nəfər, ikinci sayda isə 9 nəfər Sabah qrupu tələbələri çıxış etmişdir.Üstəlik ingilis dilində nəşr edilmiş məqalələrdən ikisi vergi hüququ üzrə 3-cü kurs Sabah tələbələri, 1-i isə informasiya texnologiyaları hüququ üzrə 2-ci kurs Sabah qrupu tələbəsi tərəfindən yazılmşdır. Belə bir təşəbbüsdə çıxış edən Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin üzvlərinin böyük qisminin Sabah qrupu tələbəsi olması AR Təhsil Nazirliyinin bu qrupları təşkil etdikləri zaman seçimlərinin nə dərəcədə düzgün olmasından xəbər verən nüanslardan biri kimi qeyd olunmalıdır.

Jurnalın veb saytı:

Azərbaycanca: http://lr.bsulawss.org

Ingiliscə: http://lr.bsulawss.org/en