SABAH II Tələbə Debat Forumuna yekun vuruldu

     

   SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətlərinin genişlənməsi məqsədilə təşkil olunan tədbirlərdən biri də debat oyunlarıdır. Artıq ikincisi keçirilən SABAH Tələbə Debat Forumunun bu ilki final oyunu, bağlanış və mükafatlandırma mərasimi 16 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirildi. Final oyununda Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH tələbələrindən ibarət “Creative buddies” (Pinar Cəbrayılova, Zahir Hacızadə, Fərhad Ağayev) və “Enigma” (Leyla Hacıyeva, Fatimə Fəttah-Pur, Əli Hüseynov) komandaları “İnkişaf etməkdə olan ölkələr üçün  proteksionizm  siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur.” mövzusunda yarışdılar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və DVC tərəfindən keçirilən "Respublika Gənclər Debat Forumu: Payız 2016" çərçivəsində oktyabr ayından etibarən keçirilməyə başlanmış təlim və məşqlərin, həmçinin 15 komanda arasında keçirilmiş qrup oyunlarının nəticəsi olaraq, debatın ideyası və mövzusu ilə yaxından tanış olmuş, natiqliq bacarıqlarını inkişaf etdirmiş tələbələr müxtəlif kateqoriyalarda sertifikat və medallarla təltif olundular. 

Forumun ən yaxşı natiqləri adına Leyla Hacıyeva (ADİU) Fuad Əliyev (BDU) Fatimə Fəttah-Pur (ADİU) Fərhad Ağayev (ADİU),  Səidə Tahirova (BDU), Xəyalə Kazımova (BDU), Sevinc Şeydayeva (BDU) Hüseyn Hüseynov (ADU), Zülfiyyə Novruzova (BDU) Gülgün Abdullayeva (BDU) layiq görüldülər.      

SABAH II Tələbə Debat Forumunda kubokun sahibi isə “Creative Buddies” komandası oldu.

Qeyd edək ki, SABAH II Tələbə Debat Forumu Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşəbbüsü və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində həyata keçirilmişdir.