SABAH qrupları, Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Microsoft” Azərbaycan şirkətinin birgə əməkdaşlığı ilə SABAH qruplarında İT sahəsində təhsil alan II və III kurs tələbələri üçün təcrübə proqramının təşkili məqsədilə görüş keçirilmişdir. Görüşdə həmçinin ölkəmizdə fəaliyyət göstərən 30-dan artıq yerli və xarici İT şirkətlərinin rəhbər əməkdaşları və nümayəndələri iştirak etmişlər.
Layihənin əsas məqsədi tələbələri İT sahəsinin iş tələblərinə uyğun hazırlamaq, o cümlədən onların təcrübə proqramları ilə təmin olunması üçün yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq yaratmaqdır.
Layihənin icrası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, SABAH layihəsinin İcra Komitəsi və “Microsoft” Azərbaycan şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcəkdir. SABAH qruplarında İT sahəsində təhsil alan, II və III kurs tələbələri “Microsoft” korporasiyası tərəfindən hazırlanmış təlim məzmunu ilə təmin ediləcək, beynəlxalq səviyyədə tanınmış Microsoft Technology Associate (MTA) sertifikasiya imtahanına cəlb olunacaqlar. Eyni zamanda tələbələrə imtahan öncəsi “Microsoft” texnologiyaları üzrə sertifikatlaşdırılmış yerli mütəxəssislər tərəfindən müvafiq məsləhət xidmətləri göstəriləcəkdir. İmtahan zamanı yüksək nəticə əldə edən tələbələrə ali təhsil müəssisələrində və təlimlər zamanı öyrəndikləri bacarıqları iş mühitində tətbiq etmələri üçün tərəfdaş şirkətlərdə təcrübə toplama imkanları yaradılacaqdır.
Sözügedən layihəyə SABAH qrupunun tələbələrinin cəlb olunması məqsədi ilə 25-27 may 2016-cı il tarixlərdə Azərbaycan Texniki Universitetində təqdimat mərasimi keçirilmişdir. Təqdimatda 100-dən çox SABAH qruplarının tələbələri iştirak etmişdir və iyun ayının 15-dək müraciətlərin qəbulu aparılır.
2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən SABAH layihəsinin əsas məqsədi, ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır. Eyni zamanda Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi, o cümlədən əmək bazarının tələblərinə uyğun olaraq Savadlı, Bacarıqlı və Hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.