Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri artıq təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.