19 İyul-02 Avqust 2015-ci il tarixləri arasında müsabiqə yolu ilə seçilmiş 24 SABAH tələbəsi Böyük Britaniyanın London şəhərində keçirilmiş yay məktəbində iştirak etmişlər. Proqramın məqsədi savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişməsinə bilavasitə şərait yaratmaq, əmək bazarının artan tələblərinə müvafiq olaraq SABAH tələbələrin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların dünyagörüşlərinin genişlənməsinə dəstək vermək olmuşdur.
İntensiv kurs müddətində hər bir iştirakçıya özünün əvvəlcədən yoxlanılmış ingilis dili səviyyəsinə uyğun olaraq hazırlanmış individual kurrikulum əsasında həftədə iyirmi bir saat ümumi ingilis dili tədris edilmişdir. Dərslər interaktiv müzakirə, mühazirə, online test və praktiki tapşırıqlar üzərində iş şəklində aparılaraq tələbələrin ingilis dilində akademik yazı, oxu, danışıq və dinləmə qabiliyyətlərinin paralel olaraq inkişaf etməsini təmin etmişdir.
İki həftəlik kursun sonunda tələbələr qrammatika, dinləmə və oxu üzrə imtahan verərək əldə etdikləri dil səviyyəsinə müvafiq olaraq yekun sertifikatları almışdırlar. Ümumilikdə, tələbələrin son nəticələri başlanğıc göstəricilərindən əsasən yüksək olmuşdur.
Səfər müddətində tələbələr yataqxana və gündəlik 2 dəfə yeməklə təmin olunmuşlar.
Tədrisdənkənar vaxtlarda SABAH tələbələri Londonun Viktoriya və Albert muzeyi (Victoria and Albert Museum), Elm muzeyi (Science Museum), Təbiət tarixi muzeyi (Natural History Museum), Müqəddəs Pol kilsəsi (St. Paul’s Cathedral), Madam Tüsso muzeyi (Madame Tussaud’s) Parlament binası (The House of Parlament), Biq Ben (Big Ben) Bukinqam sarayı (Buckingham Palace) Hayd park (Hyde Park), Müqəddəs Ceyms parkı (St. James’s Park), Qrinviç Kral rəsədxanası (Greenwich Royal Observatory), Milli Qalereya (The National Gallery) və digər tarixi və mədəni yerlərinə baş çəkmişlər. Ekskursiyalar zamanı tələbələr daha əvvəl haqqında oxuduqları yerlərlə əyani olaraq tanış olmuş və xüsusi maraqla qarşılamışlar.
Bax: https://www.youtube.com/watch?v=7P8FR5o5nPg