SABAH tələbələrinin II Forumu

4-5 dekabr 2015-ci il tarixlərində SABAH tələbələrinin II Forumu keçirilmişdir. Bu il ikincisi keçirilən Foruma İçərişəhər ev sahibliyi etmişdir. Forumun açılış mərasimi, master klaslar, oyunlar, panel müzakirəsi və bağlanış mərasimi İçərişəhərin müxtəlif tarixi gözəl məkanlarında keçirilmişdir. 

170 SABAH tələbəsinin iştirak etdiyi Forumda ali təhsil müəssisələrinin SABAH mərkəzlərinin əməkdaşları, SABAH İcra Komitəsinin üzvləri, eyni zamanda Təhsil Nazirliyinin əməkdaşları da qatılmışlar. 

Forumun ilk günü təhsil naziri Mikayıl Cabbarovun və III kursda təhsil alan SABAH tələbələri - Günay İmanzadə və Şahin Xəlilovun nitqləri ilə yadda qalmışdır. Açılış proqramı müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin musiqili ifaları ilə davam etmişdir. 

Forumun ikinci günündə tələbələr Vaxtına sahib çıx, Sən də bir brendsən, İnformasiya texnologiyaları gündəlik həyatda, Karyera inkişafı mövzularında master klaslarda iştirak etmişlər. Forumun panel müzakirə sessiyası Mikayıl Cabbarovun moderatorluğu ilə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Hüseynovun, millət vəkili Fuad Muradovun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimovun, “R.İ.S.K Elmi İstehsalat Şirkəti”nin Müşahidə Şurasının həmsədri, Biznesin inkişafı üzrə direktor Anar Əligülovun iştirakı ilə keçirilmiş və tələbələrin sualları cavablandırılmışdır.

Bağlanış mərasimində "Kim?Harada?Nə zaman?", "Monopoliya", "Alias" və "Mafiya" kimi komanda quruculuğu oyunlarında qalib olmuş tələbələr, həmçinin Forumun təşkilində xüsusi rolu olan SABAH könüllüləri sertifikatlarla mükafatlandırılmışlar.